17 oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi bir gün kimi qalır – bu, qəhrəman Ordumuzun işğaldan azad etdiyi Füzuli şəhərinin günüdür. Qarabağın cənub-şərqində, Araz çayına qədər uzanan düzənliklərdə yerləşən Füzuli həm təbiəti, həm də qədim tarixi ilə Azərbaycanın ayrılmaz parçasıdır. Rayonun ərazisindən axan Quruçay, Köndələnçay, Çərəkən kimi çaylar bu torpağın həyat damarları sayılır.
Füzuli rayonunun əsası 1827-ci ildə qoyulub. Əvvəllər Qarabulaq adlanan bu yaşayış məntəqəsi 1930-cu ildə Qaryagin adlandırılmış, 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adı ilə əbədiləşdirilib. Zaman keçdikcə bu torpaq həm mədəni, həm də mənəvi baxımdan zəngin bir bölgəyə çevrilib. Burada yerləşən XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Mirəli və Cəlil türbələri, qədim qəbiristanlıqlar bu diyarın tarixə nə qədər dərin köklərlə bağlı olduğunu sübut edir.
Lakin bu gözəl torpaq 1993-cü ilin avqustunda düşmən tapdağına məruz qaldı. Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Onlarla kənd yandırıldı, yüzlərlə insan şəhid oldu, yüzlərlə ailə didərgin düşdü. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzulinin bir hissəsini azad etsə də, şəhərin özü uzun illər əsarətdə qaldı. Bu illər ərzində Füzuli dağıdıldı, minalarla çirkləndirildi, minlərlə ev və tarixi abidə yerlə-yeksan edildi.
Amma 2020-ci ilin Vətən müharibəsi tarixə Qurtuluş və Qələbə ili kimi yazıldı. 17 oktyabrda Azərbaycan Ordusunun qəhrəman əsgərləri Füzuli şəhərinə daxil oldu. Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli və digər kəndlərlə birlikdə Füzuli düşməndən təmizləndi. O döyüşlərdə Azərbaycan əsgərinin iradəsi qarşısında düşmən silahını yerə qoyub qaçdı. Dünyanın hərb tarixində belə qısa müddətdə belə möhkəm istehkamların yarılması nadir hadisə sayılır.
Bu qəhrəmanlıq unudulmadı – 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev “Füzulinin azad olunmasına görə” medalını təsis etdi. 25 mindən çox əsgər və zabit həmin medalla təltif edildi. 2023-cü ilin 31 iyulunda isə dövlət başçısının sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” kimi qeyd olunmağa başladı.
Bu gün Füzuli işğaldan azad edilmiş torpaqlar arasında ən çox mina ilə çirkləndirilmiş rayon olsa da, Prezident İlham Əliyevin tapşırığı ilə burada həyat yenidən canlanır. 2023-cü ildə təsdiq edilən Baş plana əsasən, Füzuli müasir şəhər kimi yenidən qurulur. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa yolları istifadəyə verilib, Köndələnçay su anbarları bərpa olunub, “Füzuli” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb. Qürur mənbəyimiz olan Füzuli Beynəlxalq Hava Limanı artıq “Qarabağın hava qapısı” adlanır.
Böyük Qayıdış Proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma yurduna qayıdıb. 2023-cü ilin avqustundan başlayan köç prosesi davam edir və yaxın illərdə Füzulidə minlərlə insan yaşayacaq. Bu qayıdış təkcə ailələrin deyil, bütöv bir xalqın ruhunun geri dönməsidir.
Füzulinin dirçəlişinə qardaş ölkələr də töhfə verib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə burada Mirzə Uluqbəy adına müasir məktəb tikilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılıb. Bu layihələr türk dünyasının həmrəyliyinin, dostluğunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin dəfələrlə Füzuliyə səfərləri rayonun inkişafına verilən diqqətin göstəricisidir. Hər səfərində yeni təməllər qoyulur, yeni obyektlər istifadəyə verilir, dağıdılmış şəhərin yerində müasir, ağıllı şəhər formalaşır. Füzuli artıq müasir infrastruktura, məktəblərə, idman və mədəniyyət obyektlərinə malikdir.
Bu gün Füzuli təkcə bir rayon deyil, həm də Zəfərin, dirçəlişin, Vətənə sədaqətin simvoludur. 30 il həsrətlə gözlənilən torpaqlarda indi yenidən həyat qaynayır. Bayrağımızın dalğalandığı, uşaqların gül səsi eşidilən bu şəhər göstərir ki, Azərbaycan xalqı sarsılmaz iradəyə malikdir.
Füzuli azaddır. Füzuli yaşayır. Füzuli yenidən qurulur – həm torpaq kimi, həm də ruh kimi.
Xocalı rayon ziyalısı Rafiq Quliyev