İyulun 4-də Azərbaycan üçün xüsusi bir gün yaşandı. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ilk dəfə Qarabağın mərkəzində – Xankəndidə keçirildi. Prezident İlham Əliyevin çıxışı isə bu toplantını sadəcə siyasi yox, həm də tarixi və mənəvi baxımdan önəmli bir hadisəyə çevirdi.
Prezident qonaqları qədim Azərbaycan torpağı olan Xankəndidə salamladı və ECO-nun əvvəlki Zirvə görüşlərinin Bakıda keçirildiyini xatırladaraq, bu dəfə görüşün Qarabağda təşkil olunmasının dərin simvolik məna daşıdığını bildirdi. Bu, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa işlərini necə uğurla apardığının, bölgənin necə sürətlə inkişaf etdiyinin göstəricisidir.
Xankəndi, Şuşa, Laçın – bir vaxtlar düşmən tərəfindən viran qoyulmuş bu şəhərlərdə artıq beynəlxalq tədbirlər keçirilir. Prezident xatırlatdı ki, Şuşada ECO Nazirlər Şurası, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Laçında isə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü təşkil olunub. Bütün bunlar Azərbaycanın regionda artan nüfuzunun, sülh və əməkdaşlığa verdiyi dəyərin göstəricisidir.
Əliyev çıxışında Qarabağın 30 ilə yaxın işğal altında qaldığını, bu dövrdə xalqımızın ağır faciələr yaşadığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ermənistanın 20 faizə yaxın ərazimizi zəbt etdiyini, bir milyondan çox soydaşımızın evindən didərgin salındığını, məscidlərimizin, qəbiristanlıqlarımızın təhqir edildiyini, mədəniyyətimizin məhv olunduğunu faktlarla xatırlatdı. 67 məsciddən 65-nin dağıdılması, ikisinin isə donuz və inək saxlanılan tövləyə çevrilməsi Azərbaycanın dini və mənəvi dəyərlərinə qarşı yönəlmiş barbarlıq nümunəsi kimi təqdim olundu.
Bütün bu ədalətsizliklərə rəğmən, Azərbaycan xalqı işğalla heç vaxt barışmadı. Prezident xatırlatdı ki, dəfələrlə xəbərdarlıq edilsə də, Ermənistan və havadarları Azərbaycanın xəbərdarlıqlarını ciddi qəbul etmədi. Nəticədə isə 2020-ci ilin Vətən müharibəsində Azərbaycan ordusu 44 gün ərzində öz gücü ilə torpaqlarını azad etdi və Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu.
İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı quruculuq işləri aparılır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox insan öz yurduna qayıdıb. 16 şəhər və kənddə həyat canlanır. Yeni məktəblər, xəstəxanalar, yaşayış binaları tikilir.
Prezident həmçinin Ermənistandan zorla deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarına da toxundu. İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasında qəbul olunmuş qətnamənin əhəmiyyətini vurğuladı və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqa girməkdən boyun qaçırmasının qınanmasını ədalətin bərpası yönündə bir addım kimi qiymətləndirdi.
Azərbaycanın iqtisadi uğurlarına da xüsusi yer verildi. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollar sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı artıq 12-yə çatıb. Eyni zamanda Azərbaycan COP29 kimi mötəbər bir beynəlxalq tədbirə də ev sahibliyi edərək, dünyada iqlim dəyişiklikləri ilə mübarizədə fəal mövqe sərgiləmişdir.
Bu il ilk dəfə təşkil olunan “ECO Həftəsi” çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil olunub. Yaxın gələcəkdə Azərbaycanda ECO-nun Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması da planlaşdırılır. Şuşanın 2026-cı ildə “ECO-nun Turizm Paytaxtı” elan olunması isə bu bölgənin beynəlxalq səviyyədə tanınmasının daha bir sübutudur.
Sonda Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın investisiya üçün cəlbedici ölkə olduğunu və ECO-ya üzv dövlətlərin bu fürsətdən yararlanmasının hər kəs üçün faydalı olacağını bildirdi.
Bu Zirvə görüşü həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən Azərbaycanın böyük qələbəsinin və haqlı mövqeyinin təntənəsi kimi tarixə yazıldı. Xankəndidə yüksələn Azərbaycan səsi bir daha göstərdi ki, bu torpaqlarda sülh, quruculuq və ədalət hökm sürür.
Xocalı rayon ziyalısı Elxan Zamanov