Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
15 İyun – Milli Qurtuluş Günü

0



  • “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – Ulu Öndər Heydər Əliyev
    Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı rəhbərliyinin yürütdüyü ədalətsiz siyasətə etiraz olaraq istefa verməsindən sonra Azərbaycan çətin və ağır sınaqlarla üzləşdi. Ermənilərin Qarabağda separatçılıq hərəkatını başladaraq ərazi iddialarını irəli sürməsi ilə xalqın faciələri də başlandı. Əgər o dövrdə Heydər Əliyev siyasi hakimiyyətdə təmsil olunsaydı, Ermənistanın bu cür təcavüzkar hərəkətləri qarşısında heç vaxt cəsarət göstərmək imkanları olmazdı.
    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində ciddi böhranlar yaşanmağa başladı. Dövlət idarəetməsi yox dərəcəsində idi, ölkədə silahlı dəstələrin özbaşınalığı, iqtisadi gerilik, daxildə separatçılıq meylləri və siyasi xaos hökm sürürdü. Dövlət əmlakı talan edilir, rəhbər vəzifələrə təcrübəsiz şəxslər gətirilirdi. Bütün bunlar ölkənin müstəqil yaşamasını sual altına qoyur, Azərbaycanı vətəndaş müharibəsinin astanasına aparırdı.
    AXC-Müsavat iqtidarının daxilində yaranan qruplaşmalar bir-biri ilə hakimiyyət uğrunda mübarizəyə girişmişdi. Prezident cəbhədəki vəziyyətdən bixəbər idi və ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Bu özbaşınalıq nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı da baş verdi. Azərbaycanın iqtisadiyyatı çökdü, xalqın sosial durumu ağırlaşdı, dövlətçiliyimiz ciddi təhdid altına düşdü.
    Belə bir böhranlı dövrdə xalq öz xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevin qayıdışında gördü. AXC-Müsavat rəhbərliyi artıq öz acizliyini dərk edərək, Heydər Əliyevdən kömək istədi. 1993-cü il iyunun 9-da xalqın və rəhbərliyin təkidli dəvəti ilə Bakıya gələn Ulu Öndər, böyük siyasi iradə və fədakarlıq nümayiş etdirərək ölkəni anarxiyadan, vətəndaş qarşıdurmasından və dağılmaq təhlükəsindən xilas etdi.
    Ulu Öndər Gəncədə baş qaldırmış silahlı qiyamın qarşısını aldı, ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev, 24 iyunda isə Prezident səlahiyyətlərini rəsmi şəkildə üzərinə götürdü. Bu tarixi gün – 15 İyun – sonradan Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi və bayram olaraq qeyd olunmağa başlandı.
    Bu dönüş nöqtəsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Sabitlik bərpa olundu, ölkə iqtisadi və siyasi dirçəlişə başladı. Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesi sistemli şəkildə aparıldı, hüquqi islahatlar həyata keçirildi, beynəlxalq münasibətlər möhkəmləndirildi. Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması təmin olundu.
    Ulu Öndər Heydər Əliyevin xidmətləri təkcə daxili sabitliyin yaradılması ilə məhdudlaşmadı. O, həm də Azərbaycanı beynəlxalq arenada tanınan və hörmət olunan bir dövlətə çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən neft strategiyası ölkəyə milyardlarla sərmayə gətirdi, iqtisadi inkişafın əsasını qoydu. Xalqımız bu gün də Ulu Öndərin xidmətlərini minnətdarlıqla yad edir və onun əziz xatirəsini uca tutur.
    1992-ci ilin noyabrında Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyası da məhz Ulu Öndərin siyasi irsinin davamı olaraq formalaşdı və qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Ulu Öndərin şəxsiyyəti xalqın milli birlik və həmrəyliyinin simvoluna çevrildi. O, hər zaman qeyd edirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramdan söhbət gedə bilməz.”
    15 İyun – Milli Qurtuluş Günü yalnız bir liderin hakimiyyətə qayıdışı deyil, həm də xalqın öz taleyini müəyyən etmək gücündə olduğunu sübut etdiyi gündür. Ulu Öndərin xilaskarlıq missiyası xalqımızın yaddaşında əbədi yaşayacaq, onun əbədi müstəqilliyimizin memarı kimi rolu heç zaman unudulmayacaqdır.
    Xocalı rayon ziyalısı Şəhriyar Quluyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib15 dəfə
    15 İyun Milli Qurtuluş Günü

    Maraqlı gələ bilər
    71
    61