III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın daxili və xarici siyasət prioritetlərini deyil, həm də ölkənin gələcəyə baxışını aydın şəkildə ortaya qoydu. Şuşa şəhərinin bu cür nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təkcə simvolik deyil, həm də strateji məna daşıyır. Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən bu qədim şəhərin dirçəlişi Azərbaycanın dövlət quruculuğundakı iradəsinin təntənəsidir. Prezidentin qeyd etdiyi kimi, bu forum artıq ənənəvi bir platformaya çevrilməkdədir və dünyanın müxtəlif yerlərindən gəlmiş media nümayəndələrinin burada toplaşması informasiya mübadiləsi baxımından yeni mərhələnin əsasını qoyur.
Forum çərçivəsində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın hazırkı mövqeyi, strateji planları və beynəlxalq təşəbbüsləri barədə vacib mesajlar verdi. Xüsusilə COP29-a Azərbaycanın ev sahibliyi etməsi bu çıxışın əsas mövzularından biri oldu. Prezidentin vurğuladığı kimi, iqlim dəyişiklikləri ilə mübarizə qlobal bir məsələdir və Azərbaycan bu istiqamətdə öz məsuliyyətini dərk edir. Ölkə 2030-cu ilə qədər 6 giqavatlıq bərpaolunan enerji layihələrinin icrasını planlaşdırır. Su, günəş və külək enerjisi Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcını qoyur. Lakin bu keçid təkcə daxili ehtiyaclara deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə töhfə vermək məqsədi daşıyır. Xəzər dənizi sahillərində, Naxçıvanda və Cəbrayılda reallaşdırılacaq layihələr Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmək strategiyasının parlaq nümunələridir.
Prezident İlham Əliyev çıxışında neft və qaz ehtiyatlarından imtina etmədən, paralel şəkildə bərpaolunan enerji sahəsində irəliləyişə nail olunmasının vacibliyini qeyd etdi. Bu realist yanaşma Azərbaycanın enerji siyasətində balansı qoruduğunu göstərir. Neft və qaz gəlirləri ölkənin əsas iqtisadi dayağı olaraq qalmaqda davam edir, lakin yaşıl enerji strategiyası bu resurslardan asılılığı azaltmaq və dayanıqlı inkişafı təmin etmək məqsədi daşıyır.
Azərbaycanın təşəbbüsü ilə inkişaf etməkdə olan ölkələr üçün yaradılan iqlim fondu və bu fonda artıq 10 milyon dollar ayrılması ölkənin beynəlxalq məsuliyyətə yanaşmasının nümunəsidir. Xüsusilə ada dövlətlərinin iqlim dəyişiklikləri qarşısında üzləşdiyi problemlərə diqqət çəkilməsi, Azərbaycanın bu sahədə qlobal liderlik iddiasını nümayiş etdirir.
Prezidentin çıxışında post-münaqişə dövründə Qarabağın bərpası və inkişafı xüsusi yer aldı. Dövlət başçısı bildirdi ki, azad edilmiş ərazilərdə sürətli yenidənqurma işləri həyata keçirilir. Bu ərazilərin bərpası yalnız infrastrukturun qurulması deyil, həm də tarixi ədalətin bərpasıdır. Şuşanın dirçəlişi, Özbəkistanın Füzuli şəhərində məktəb tikməsi, Qələbə Meydanı və Zəfər muzeyinin yaradılması Azərbaycanın zəfər ruhunu əbədiləşdirir və bu torpaqlarda gələcəyə ümidlə baxmağa imkan yaradır.
Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın regional və beynəlxalq münasibətlərdə oynadığı rolun genişlənməsini göstərir. Müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan, indi təkcə enerji və nəqliyyat qovşağı kimi deyil, həm də diplomatik və humanitar platforma kimi çıxış edir. İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq tribunalarda ölkəmizin haqlı mövqeyini müdafiə etmək üçün informasiya cəbhəsində daha aktiv fəaliyyət göstərilməlidir. Məhz bu baxımdan media forumları və beynəlxalq dialoq platformaları böyük əhəmiyyət kəsb edir.
Bütün bu fikirlər fonunda Prezidentin çıxışı yalnız siyasi bəyanat deyil, həm də strateji yol xəritəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın gələcəyə baxışında suverenlik, dayanıqlı inkişaf, regional əməkdaşlıq və qlobal məsuliyyət anlayışları vəhdət təşkil edir. Şuşadan dünyaya yayılan bu mesaj, Azərbaycanın sülhə, inkişafa və beynəlxalq əməkdaşlığa açıq olduğunu bir daha nümayiş etdirir.
Xocalı rayon ziyalısı İlham Kazımov