Yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Xocalı rayonu üzrə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu çərçivədə keçirilən tədbirin əsas məqsədi doğma yurdlarına qayıdan vətəndaşların əmək bazarına inteqrasiyasını sürətləndirmək, onların sosial rifahının yaxşılaşdırılması və dayanıqlı məşğulluğunun təmin olunmasıdır. Tədbirdə aidiyyəti qurumların nümayəndələri, mütəxəssislər və rayon sakinləri iştirak ediblər.
Görüş zamanı iştirakçılara aktiv məşğulluq proqramları, peşə hazırlığı və ixtisasartırma kursları, özünüməşğulluq imkanları, ictimai işlər proqramları və mövcud vakansiyalar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qayıdış edən şəxslərin bacarıqlarına uyğun işlə təmin olunması dövlətin sosial siyasətinin əsas prioritetlərindəndir.
Tədbir çərçivəsində iştirakçıların məşğulluqla bağlı müraciətləri dinlənilib, onlara fərdi məsləhətlər verilib və müvafiq qurumlarla əlaqələndirmə aparılıb. Eyni zamanda, yerli iqtisadi potensialdan səmərəli istifadə edilməsi, kiçik və orta sahibkarlığın inkişafı hesabına yeni iş yerlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Xocalı rayonunda qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən bu cür tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, regionun sosial-iqtisadi inkişafına və dayanıqlı məskunlaşmanın təmin olunmasına xidmət edir.