0
Respublikamızın bütün bölgələrində olduğu kimi, Xocalı sakinlərinin kompakt şəkildə müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Aşağı Ağcakənd qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra qəsəbənin Mədəniyyət Evində davam edən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, 8 Noyabrın Azərbaycan xalqının qəhrəmanlığını, milli birliyini və sarsılmaz iradəsini təcəssüm etdirən möhtəşəm tarix olduğunu vurğulayıb.
Bildirilib ki, tarixi Zəfərimiz şəhidlərimizin canı və qanı, qazilərimizin igidliyi, Azərbaycan xalqının həmrəyliyi və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində qazanılıb. Bu Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün qürur və iftixar mənbəyi olacaq.
Rəsmi hissədən sonra tədbir bayram konserti ilə davam edib. Konsert proqramında Vətənə, Qarabağa və tarixi Zəfərimizə həsr olunmuş musiqi nömrələri təqdim edilib, vətənpərvərlik ruhlu mahnılar və xalq musiqisi nümunələri səsləndirilib.
Bayram tədbiri iştirakçılara yüksək əhval-ruhiyyə bəxş edib, Zəfər Gününün yaratdığı qürur və birlik duyğularını bir daha nümayiş etdirib.
| Bölmə | Cəmiyyət |
| Kateqoriya | Cəmiyyət |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 4 saat öncə |
| İzlənib | 22 dəfə |