0
Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan rayonu tarixən əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və mühüm nəqliyyat əlaqələri ilə seçilmişdir. Araz, Həkəri, Oxçuçay və Bəsitçay kimi çayların keçdiyi bu ərazi həm iqtisadi, həm də geostrateji baxımdan mühüm əhəmiyyətə malikdir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, ölkəmizin regional nəqliyyat və iqtisadi imkanlarının genişlənməsinə də yeni şərait yaratmışdır.
Zəngilanın coğrafi mövqeyi onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Rayon şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən isə Ermənistanla həmsərhəddir. Bu yerləşmə Zəngilanı regional nəqliyyat əlaqələrinin formalaşdırılması və beynəlxalq ticarət imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli əraziyə çevirir.
İşğaldan azad edildikdən sonra Zəngilanda həyata keçirilən ən mühüm layihələrdən biri Zəngilan Beynəlxalq Hava Limanının inşası olmuşdur. Müasir standartlara uyğun tikilmiş hava limanı bölgənin nəqliyyat infrastrukturunun inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Hava limanının müxtəlif növ sərnişin və yük təyyarələrini qəbul etmək imkanına malik olması gələcəkdə həm iqtisadi, həm də turizm əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Zəngilan Beynəlxalq Hava Limanı təkcə rayonun deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu infrastruktur obyektinin fəaliyyəti sərnişin daşımalarının təşkilinə, logistika imkanlarının artırılmasına və regionun beynəlxalq iqtisadi əlaqələrə inteqrasiyasına xidmət edir.
Rayonun nəqliyyat potensialının inkişafında Horadiz–Zəngilan–Ağbənd dəmir yolu layihəsi də mühüm yer tutur. Bu dəmir yolu xətti işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın yüksəlməsinə, sənaye və kənd təsərrüfatı məhsullarının daşınmasına, həmçinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsinə imkan verəcəkdir. Dəmir yolu infrastrukturunun inkişafı əhalinin hərəkət imkanlarının yaxşılaşdırılması baxımından da əhəmiyyətlidir.
Eyni zamanda, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun inşası ölkəmizin nəqliyyat strategiyasında xüsusi yer tutur. Uzunluğu 126 kilometrdən artıq olan bu yolun istifadəyə verilməsi bölgənin digər rayonlarla əlaqələrini daha da gücləndirəcək, yük və sərnişin daşımalarının səmərəliliyini artıracaqdır.
Zəngilanın nəqliyyat infrastrukturunun inkişafı bölgədə yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına da təkan verir. Müasir yollar, dəmir yolu xətləri və hava nəqliyyatı imkanları istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı və investisiyaların cəlb edilməsi üçün mühüm zəmin yaradır.
Bölgənin gələcək inkişafında turizm sahəsi də perspektivli istiqamətlərdən biridir. Zəngilanın zəngin təbiəti, çayları, dağlıq və dağətəyi landşaftı, tarixi abidələri və müasir nəqliyyat infrastrukturu turistlərin cəlb olunması üçün geniş imkanlar açır. Ağalı kəndində hotelin istifadəyə verilməsi, yeni istirahət komplekslərinin və turizm obyektlərinin yaradılması bu sahədə görülən işlərin mühüm göstəricilərindəndir.
Zəngilanın iqtisadi potensialının reallaşdırılması üçün nəqliyyat layihələri ilə yanaşı, istehsal və xidmət sahələrinin inkişafı da vacibdir. Burada həyata keçirilən kənd təsərrüfatı layihələri, xüsusilə Azərbaycan və Türkiyə şirkətlərinin birgə təşəbbüsü olan “Dost Aqropark” layihəsi bölgənin iqtisadi dirçəlişinə mühüm töhfə verir. Bu cür layihələr yeni iş yerlərinin yaradılmasına, müasir texnologiyaların tətbiqinə və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edir.
Zəngilanın strateji mövqeyindən səmərəli istifadə olunması Azərbaycanın regional əməkdaşlıq və nəqliyyat imkanlarının genişlənməsində mühüm rol oynayır. Ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı infrastruktur layihələri uzunmüddətli iqtisadi inkişaf üçün etibarlı əsas yaradır.
20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə bu əlamətdar tarixin əhəmiyyətini qiymətləndirərkən bir həqiqət xüsusi vurğulanmalıdır: Zəngilanın azad edilməsi təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın gələcək iqtisadi inkişafı və regional əlaqələrinin güclənməsi baxımından mühüm tarixi nailiyyətdir. Bu gün yenidən qurulan Zəngilan Azərbaycanın strateji nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində inamla irəliləyir.
| Bölmə | Məqalələr |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 6 saat öncə |
| İzlənib | 23 dəfə |