Azərbaycan xalqının milli –mənəvi birliyi qədim ta-rixlərdən öz başlanğıcını, gücünü almış, tarixlərin sınağından şərəflə keçərək çağdaş dövrümüzdə ən uca məqama çatmışdır. Əsrlərlə torpaqlarımıza göz dikən, parça-parça qoparmağa çalışan, daşını, torpağını oğurlayan düşmənlər xalqımızın dağ kimi ucalan birliyindən, qüdrətindən hər zaman vəlvələyə düşmüşlər. Yağılar xalqımızın mübarizliyi, döyüş əzmi qarşısında həmişə aciz olublar. Tarixin müxtəlif dövrlərində Dədə Qorqud ocağı, Xətai qolu, Heydər dühası, “Dəmir Yumruğ”un gücü xalqımızın birliyini, mənəvi gücünü özündə təcəssüm etdirdi. Kökləri dərin və möhkəm olan ağacı güclü küləklər yerindən qopara bilmədiyi kimi, döyüşkən, qüdrətli xalqın azadlıq arzusunu, əqidəsini, əzmini də heç bir qüvvə sındıra bilmədi. Qəhrəmanlıqlar salnaməsi ilə dolu olan qədim tariximizin şanlı səhifələri bugünkü Böyük Zəfərimizə işıq tutdu. Xalqımızın qəhrəmanlıq dastanlarından ruhlanan igid oğullarımız Vətən Müharibəsində yeni şərəfli səhifə yazdılar.
Böyük Zəfərimizin təməli Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə başladı. Xalqımız Azərbaycanın düşdüyü xaosdan, hərcmərlikdən çıxmasın-da nicat yolunu dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qa-yıtmasında gördü. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrəti gündən-günə daha da artdı. Ali Baş Komandan tərəfindən Müdafiə Sənayesinin yaradılması, yeni müasir silahların alınması Ordumuzun qələbə çalmasına şərait yaratdı. Cənab Prezident Hərbi Qənimətlər Parkının açılışında vurğuladı ki, “Biz inkişaf edərək tor-paqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etmə-səydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.
Otuz ilə yaxındır torpaqlarımızın düşmən tapdağında qalmasına səbr kasası dolub-daşan, şəhidlərimizin qisasını ancaq qanla almaq istəyən xalqımız Tovuz döyüşlərindən sonra vulkan kimi baş qaldıraraq müharibə arzusunun, qisas hissinin arxasınca yüyürdü. Xalqımız heç vaxt başımıza gətirilən müsibətləri, erməni vəhşiliklərini, Xocalı soyqırımını, anaların ah-naləsini unutmadı. Bu ağrı-acıları ağır bir daş kimi ürəyində gəzdirdi. Qisas hissi ilə alışıb-yanan onminlərlə Azərbaycan gənci könüllü olaraq Səfərbərlik Xidmətlərinə gələrək döyüşmək üçün müraciət etdilər.
27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandanın əks-hücum əmri verdiyi anda hər kəsi böyük sevinc, qələbə əhval-ruhiyyəsi bürüdü. Əsgərlərimiz şücaəti ilə elə ilk gündən bizi ruhlandırdı. Yurd yerlərimiz bir-bir işğaldan azad edildi. 200 illik ədalətsizliyə son qoyulan qələbə müjdəli o tarixi günlər xalqımızın yaddaşına əbədi yazıldı.
Vətən Müharibəsində hər bir vətəndaş Orduya çevrildi. Arxa cəbhədə dağa dönən xalqımız əsgər və zabitlərimiz üçün mənəvi dayaq oldu. Xalqımızın mənəvi dəstəyi nəticəsində Xilaskar Ordumuz ruhlanaraq daha da irəli atıldı. Topraqlarımızı işğaldan azad edə-edə qabağa gedən əsgərlərimiz arxalarında xalqımızın nəfəsini hiss etdikcə qürur və fərəh hissi ilə düşməni əzib keçdilər. Öz canlarını Vətən uğrunda qurban verərək ərazi bütövlüyümüzü bərpa edən şəhidlərimizin hünəri sayəsində biz qələbə çaldıq.
Qələbəyə gedən yolda vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çalışan hər bir soydaşımızın böyük rolu vardır. Cənab Prezident tez-tez çıxışlarında qeyd edirdi ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxın-laşdırmalıdır. Bu müdrik sözləri əməli fəaliyyətlərində yerinə yetirməyə çalışan insanlar əsl vətəndaşlıq missiyası sərgilədilər. Bəli, valideynlər övladlarını, müəllimlər şagirdlərini, komandirlər əsgərlərini vətənpərvər ruhda tərbiyə etdilər.
Ölkə başçısının Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyətlə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırması nəticəsində beynəlxalq dəstəyi ala bildik. Ali Baş Komandanımızın apardığı düzgün siyasət, müharibə günlərində Ordumuza komandanlığı, informasiya savaşında xarici jurnalistlərə verdiyi müsahibələri, xalqımıza rəhbərliyi, Xalq-Ordu birliyini bir arada tutması bizə qələbə gətirdi. Bununla bərabər, qardaş Türkiyənin və dost ölkələrin yanımızda olması gücümüzə güc qatdı. Haqq savaşımızda Türkiyə ilə sınaqdan keçən, daha da bərkiyən qardaşlığımız sarsılmaz oldu.
Vətən Müharibəsi ilə milli-mənəvi birliyimiz ən yüksək həddə çatdı. Biz 44 günlük haqq savaşımızda cəbhəyanı ərazidə əllərini təndirin oduna-közünə salaraq əsgərlərimizə gecəli-gündüzlü çörək bişirən ananı, əvvəlcə ərinin, bir qədər sonra isə qardaşının cənazəsini çiynində daşıyan məğrur Azərbaycan qadınını, əli, qolu olmaya-olmaya “mən Vətən üçün heç nə edə bilmədim” deyərək kədərlənən qəhrəman oğulları, öz oğlunun məzarında “Xocalı qisası almısan, buna görə də ağlamıram” - deyən ananı, düşmənin atdığı raketdən sonra üzü-gözü qanlar içində kameraya gülümsəyən yaşı kiçik, ürəyi böyük qəhrəmanları, öz cehiz yorğan-döşəyini əsgər qardaşlarına göndərən qızları, yırtıq ayaqqabı ilə ASAN xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən qoca kişini və bunun kimi çoxlu sayda qürurverici anları, xalqımızın milli-mənəvi yaddaşına yazılan hadisələri gördük.
Çox şükürlər olsun ki, Qarabağımıza, Şərqi Zəngəzurumuza Böyük Qayıdış mütəşəkkil formada davam edir. Azad torpağımızın hər qarışında gedən bərpa-quruculuq işləri insanı heyrətə gətirir. Bir vaxt separatizm yuvası olan Xocalımızda, Xankəndimizdə mənfur düşmənlərin izi-tozu tamamilə silinir.
Bu gün qalib və həmrəy xalqımız qələbə ruhunda sabaha daha da inamla baxır. İndi Zəngəzurun, Göyçənin, bütün tarixi torpaqlarımızın qaytarılması məsələləri gündəmdədir. Öz kökünə bağlı olan hər bir azərbaycanlının ən azı o yerləri ziyarət etmək, ulu babalarının məzarlarına getmək, xatirələrini yaşatmaq və bölüşmək hüququ tanınmalıdır.
Azərbaycanın mövqeyi həmişə ədalətli və doğrudur. Biz öz yolumuzun, amalımızın, mövqeyimizin arxasınca hər zaman sonadək gedəcəyik.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru